SOCAR “Neft Daşları” yatağında İriləşdirilmiş Seperasiya Qurğusu inşa etməyi planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
“Qurğunun layihəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanıb. İşlərin baş podratçısı “Neftqaztikinti” Trestidir. İriləşdirilmiş Seperasiya Qurğusu sutkada 13000 kubmetr neft, 3500 kubmetr suyu, həmçinin 100 000 kubmetrədək qazı qəbul etmək gücünə malik olacaq”, - deyə məlumatda bildirilir.
28 May adına NQÇİ-nin istismar edəcəyi nəzərdə tutulan bu qurğu yeni inşa olunacaq estakadayanı meydança üzərində yerləşdiriləcək.
“Qurğunun texnoloji parametrlərinə fasiləsiz nəzarətin təmin edilməsi məqsədi ilə nəzarət ölçü cihazları, eyni zamanda avtomatika və yanğından mühafizə sistemləri, drenaj bloku, bütün digər zəruri texnoloji avadanlıqlar quraşdırılacaq, neft, qaz və texniki su xətləri çəkilərək mövcud sistemlə əlaqələndiriləcək”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova