Azərbaycan və Avropa İttifaqı (Aİ) tezliklə strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə danışıqlara başlayacaq. Bunu Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktoru Kristian Danielson deyib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, XİN başçısı Elmar Məmmədyarov bu gün K.Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
«Avropa İttifaqı Azərbaycanla dialoq və əməkdaşlığı genişləndirmək niyyətindədir. Tərəflərin nümayəndə heyətləri tezliklə saziş layihəsi üzrə danışıqlara başlayacaq», - deyə baş direktor bildirib.
E.Məmmədyarov AİŞurası tərəfindən Azərbaycanla strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir edib və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı Azərbaycan və Aİ arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri, Azərbaycanın "Şərq Tərəfdaşlığı" proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycanın Aİ ilə müxtəlif sahələr üzrə faydalı əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Bundan başqa, E.Məmmədyarov və K.Danielson Azərbaycan və Aİ arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin icrası məsələləri ətrafında fikir mübadiləsi aparıblar.*
F.İsazadə