Prezident İlham Əliyev beynəlxalq təşkilatların nümayəndələrini Cocuq Mərcanlı kəndinə səfər etməyə dəvət edir ki, onlar ermənilərin hansı vəhşilikləri törətdiklərini görsünlər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Mən tapşırmışam ki, beynəlxalq təşkilatların nümayəndələrinin o kəndə səfəri üçün müraciət edilsin, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim edənlər hansı vəhşilikləri törədiliblər”, - deyə prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Dövlət başçısı Cocuq Mərcanlı kəndinin yenidən qurulmasını böyük tarixi hadisə adlandırıb.
“Bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş kəndə öz sakinlərini qaytarırıq. Əminəm ki, biz qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq. İndi orada minalardan təmizləmə işləri aparılır, ondan sonra infrastruktur layihələri icra edilməlidir”, - deyə prezident vurğulayıb.
Prezidentin sözlərinə görə, Cocuq Mərcanlı kəndi bir neçə ay işğal altında olub, Heydər Əliyevin rəhbərliyi altında Horadiz əməliyyatında işğaldan azad edilib. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan ediblər.
İ.Əliyev qeyd edib ki, sakinlər böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər.*
R.Babayev