Prezident İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən prezidedent iqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığımızın da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, bu baxımdan investisiya imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd edib.
Qətərin xarici işlər naziri Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin ən səmimi salamlarını prezident İ.Əliyevə çatdırıb və onu ölkəsində görməyi səbirsizliklə gözlədiyini deyib. İqtisadi əməkdaşlığımıza toxunan qonaq Azərbaycan-Qətər Hökumətlərarası Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının konstruktiv şəkildə fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan ilə Qətər arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani əlaqələrimizin bundan sonra da daim inkişaf edəcəyinə əminliyini ifadə edib. İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini vurğulayan qonaq bu baxımdan müştərək fondun yaradılmasının məqsədəuyğun olduğunu deyib.
Dövlət başçısı öz növbəsində Qətərə səfərini səbirsizliklə gözlədiyini deyib.*
R.Babayev