Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralda Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
“Həmsədrlər Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşməyi təklif ediblər. Mən bu görüşə razılıq vermişəm", - deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, görüşdə dekabrın 29-da Tovuz rayonu istiqamətində erməni təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun meyitini Ermənistan tərəfinin qaytarmaması məsələsini müzakirə edəcək.
"Ermənistan tərəfinin əsgərin meyitini qaytarmaması qeyri-insani hərəkətdir. Biz bu məsələni həmsədrlərlə müzakirə etmək niyyətindəyik. Biz dəfələrlə erməni tərəfi ilə silahlı insidentlər zamanı həlak olmuş şəxslərin meyitlərinin qaytarılması barədə razılığa gəlmişik",- deyə XİN başçısı vurğulayıb.
Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.*
F.İsazadə