2016-cı ildə regionların inkişafına 4 mlrd. manat vəsait yönəldilib. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
«Hesabat dövründə regionların inkişafına 4 mlrd. manat vəsait yönəldilib. Eyni zamanda, prezidentin şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bəzi mühüm layihələrin icrası ilə bağlı imzaladığı 67 sərəncamla 261 mln. manat vəsait ayrılıb», - deyə məlumatda bildirilir.
Hesabat ilində regionlarda 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Tapşırığınıza uyğun olaraq, əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri aparılıb.
O əlavə edib ki, ötən il bir elektrik stansiyası istifadəyə verilib, 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin 8200 kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 36 rayon üzrə 209 yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 92 faizə çatıb.
Ş.Mustafayev qeyd edib ki, 2016-cı ildə regionlarda 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb.*
A.Axundov