Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro təşkil edəcək. Bunu TAP konsorsiumunun baş direktoru Yan Bredşou “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Daha əvvəl TAP qaz kəmərinin tikintisi üzrə işlər 6 mlrd. avro məbləğində qiymətləndirilirdi.
"Bundan öncə müəyyən səbəblərdən konkret bir rəqəm deyə bilmirdik, lakin indi deyə bilərik ki, TAP-ın ümumi dəyəri 4,5 mlrd. avrodur. Bu məbləğə 2009-cu ildən etibarən davam edən layihə və mühəndislik işləri də daxildir", - deyə o bildirib.
Baş direktorun sözlərinə görə, layihə çərçivəsində bu ilin I rübündə kompressor stansiyalarının tikintisinə başlanılacaq. Qaz kəmərinin dənizdən keçən hissəsinin tikintisi 2018-2019-cu illərdə həyata keçiriləcək.
Y.Bredşou əlavə edib ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qaz Gürcüstana və Türkiyəyə 2018-ci ilin sonundan etibarən satılacaq. Layihə çərçivəsində Avropa ilk qazını 1 il sonra, yəni 2020-ci ilin əvvəlinədək alacaq", - deyə o qeyd edib.
"Maliyyə məsələlərinə gəlincə, bu il TAP-ın maliyyələşdirilməsi qrafikini dəqiqləşdirəcəyik. Biz layihə çərçivəsində mal və xidmətlərin tədarükünün Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin bir sıra ixrac-kredit agentlikləri tərəfindən maliyyələşdiriləcəyini gözləyirik”, - deyə baş direktor bildirib.
N.Abbasova