Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də 50 mln. manatlıq qısamüddətli notun yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Hərraca hər birinin nominal qiyməti 100 manat olan 500 min ədəd not çıxarılacaq.
Notların tədavül müddəti 28 gün, ödənilmə tarixi 1 mart 2017-ci ildir.
AMB 2016-cı ilin noyabr ayından notların yerləşdirilməsi üzrə hərracların keçirilməsini bərpa edib. 2016-cı ildə bank 600 mln. manatlıq notun emissiya prospektini qeydiyyata alıb.
Bu ilin əvvəlinə 109,62 mln. manat məbləğində not dövriyyədədir.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2017-ci il üçün AMB-nin 260 mln. manatlıq notunun emissiya prospektini qeydiyyata alıb.*
N.Abbasova