Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində sərnişindaşıma ilə məşğul olan daşıyıcılara hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
«Qarlı və şaxtalı havada sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə BNA gücləndirilmiş iş rejimində çalışır.Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara hava şəraiti ilə əlaqədar xətlərə buraxılan avtobuslarda intervala əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, avtobusların texniki cəhətdən saz vəziyyətdə olması barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların qaraj və avtoparklardan reysə çıxmalarını təmin etmələri barədə təkrar və ciddi xəbərdarlıq edilib»,- deyə məlumatda bildirilir.
Həmçinin diqqətə çatdırılıb ki, istismarda olan sərnişin avtobuslarının hərəkəti yolun qarlı və buzlu olması səbəbindən sərnişinlərin və digər nəqliyyat iştirakçıları üçün təhlükə yaradacağı müşahidə olunarsa, avtobusların fəaliyyəti müvəqqəti dayandırılmalıdır.
Xüsusilə 31, 39, 50, 53, 64, 77, 94, 205, 211 nömrəli marşrut xətlərinin müvəqqəti istismarçılarına xəbərdarlıq edilib.*
F.İsazadə