2016-cı il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 2 mln. 242,783 minnəfər olub ki, bu da 2015-ci illə müqayisədə 11,7% artım olduğunu göstərir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.
“Hesabat dövründə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil edib və müvafiq olaraq 33%, 22.5%, 13,9% və 10.9% müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması Azərbaycana səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.
“Körfəz və Yaxın Şərq ölkələri, Asiya ölkələri, Afrika ölkələri, Amerika və Avstraliya ölkələri üzrə gələnlərin sayında artım baş verib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova