Müdafiə naziri, general-polkovnikZakir Həsənov cəbhəboyu zonada inşa edilmiş hərbi şəhərciyin açılışında iştirak edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada inşa edilmiş daha bir yeni hərbi şəhərciyin açılışında iştirak edərək qərargah, əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, klub, hamam-camaşırxana, qazanxana kompleksi, sıra meydanı və digər obyektlərlə tanış olublar”, - deyə məlumatda bildirilir.
Hərbi şəhərcik 35 hektar ərazidə yerləşir. Ailəli və subay hərbi qulluqçular üçün təmirli və kommunikasiya xətləri çəkilmiş iki və üçotaqlı mənzillərdən ibarət 5 yaşayış binası inşa edilib. Mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub.
Hərbi qulluqçulara ixtisaslı tibbi yardımın göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 30 çarpayılıq tibb məntəqəsi də tikilib.
Şəhərcik prezident İlham Əliyevin tapşırığına əsasən ordunun döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində inşa edilib.*
F.İsazadə