Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Elnur Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəldir.
«Erməni tərəfi hərbi qulluqçu E.Hüseynzadənin əsir düşməsi barədə yaydığı yalan məlumatdan şou düzəltmək niyyətindədir. Böyük ehtimalla ermənilər E.Hüseynzadənin hərbçi olduğunu nümayiş etdirmək üçün onun əsir düşdüyü zaman guya hərbi geyimdə, hətta silahlı olmasını belə əks etdirən foto və video materialların yayılmasını təşkil edə bilər. Onu da qeyd edək ki, hərbi geyim formasını müxtəlif xüsusiləşdirilmiş ticarət obyektlərindən də əldə etmək mümkündür”, - deyə nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırır və bir daha bildirir ki, E.Hüseynzadə bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.*
F.İsazadə