Bu il Azərbaycanda yun tədarükü üzrə ən azı 10 məntəqənin yaradılması planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Prezident İlham Əliyev yun istehsalının, tədarükünün və ixracının artırılmasını vəzifə olaraq müəyyənləşdirib, bu il ən azı 10 tədarük məntəqəsinin yaradılmasını tapşırıb”, - deyə məlumatda bildirilir.
İqtisadiyyat naziri Şahin Mustafayev fevralın 4-də Yevlaxda yun sahəsi üzrə mütəxəssislərlə işgüzar görüş keçirib. “Görüşdə yun istehsalının genişləndirilməsi, tədarük sisteminin qurulması, yunun ilkin emalı fabrikinin yaradılması, yunun daxili və xarici bazarlarda satışının təşkili və s. kimi məsələlər müzakirə olunub.
Müzakirələrin nəticəsi olaraq, xammal bazasının araşdırılması, tədarük sisteminin modelinin seçilməsi, bu sahəyə özəl sektorun cəlb edilməsi və təşviq mexanizmlərinin tətbiqi, yun istehsalı və emalı sahəsində Çin, Avstraliya, Qazaxıstan və digər ölkələrin təcrübəsinin, texniki spesifikasiya və sertifikatlaşdırma sisteminin öyrənilməsi qərara alınıb.
2016-cı ildə Azərbaycanda 358 ton yun istehsal edilib ki, bu da 2015-ci ilin göstəricisindən 2,1% azdır.*
A.Əzizov