Ermənistan Silahlı Qüvvələrin Azərbaycanın işğal olunan ərzilərindən çıxarılması təmas xəttində insidentlərin baş verməməsi üçün yeganə vasitədir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə hesab edir.
“Tam aydındır ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hər hansı insidentlərin baş verməməsi üçün yeganə təsirli və etibarlı vasitə Azərbaycan ərazilərindən Ermənistanın işğalçı qüvvələrinin çıxarılmasının təminatıdır. Yalnız bu halda hazırda aparılan danışıqlar prosesi çərçivəsində Qarabağ münaqişəsinin yekun siyasi nizamlanmasında irəliləyiş əldə etmək mümkündür”, - deyə H.Hacıyev Rusiyanın “Nezavisimaya qazeta” nəşrində dərc olunan məqaləsində yazır.
Onun rəyinə görə, hazırda Ermənistan “təmas xəttində nəzarət tədbirlərinə dair boşboğazlıq etməklə” hər vəchlə status-kvonu saxlamağa çalışır.
H.Hacıyev əlavə edib ki, Ermənistan tərəfindən BMT TŞ-nin tələblərinin icra olunmamasını daha çox beynəlxalq vasitəçilərin işləyib bitirilməyən səylərinə aid etmək olar. Onlar Ermənistanı beynəlxalq qanunvericilik normalarına və dövlətlərin birgə yaşama hüququna hörmət etmək lazım olduğuna inandıra bilməyiblər. “Nəticədə isə Azərbaycan torpaqlarının işğalı davam edir. Həm də təcavüzkara qarşı beynəlxalıq qınaq və sülhə vadar olunmaya dair təsirli tədbirlər görülmür. Bunun səbəbi, BMT Təhlükəsizlik Şurasının mövcud əmr xarakterli qətnamələri də daxil olmaqla, bütün beynəlxalq qərarların işğalçı tərəfindən sabotaj edilməsidir”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri vurğulayıb. **
A.Əzizov