BP şirkəti bu ilin ortalarında SOCAR-la 2050-ci ilədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında PSA tipli müqavilənin bağlanacağına ümid edir. Bu barədə bu gün jurnalistlərə “BP-Azerbaijan” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birrell məlumat verib.
"2016-cı ilin dekabrında biz SOCAR-la 2050-ci ilə qədər AÇG blokunun işlənməsi üzrə niyyət məktubu imzalamışıq. Bu, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə PSA tipli yeni müqavilənin imzalanması üçün çox mühüm addım idi. Biz bir neçə ay ərzində SOCAR-la yeni sazişlə bağlı bütün danışıqları başa çatdıracağımıza və ilin ortalarında bu sazişi imzalayacağımıza ümid edir və gözləyirik", - deyə o bildirib.
Q.Birrell yeni müqavilənin detalları barədə məlumat verməyib. "Biz AÇG blokunun gələcək işlənməsi üzrə baxışlara, plan və sxemə malikik, lakin onları açıqlamayacağıq, çünki danışıqlar hələ davam edir", - deyə şirkətin prezidenti vurğulayıb.*
N.Abbasova