2017-ci ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2 mln. 412,263 min ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) 2017-ci il fevral ayının 1-nə qədər 323 mln. 950,325 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, yanvar ayında BTC neft kəməri ilə 935,88 min ton Türkmənistan nefti nəql olunub.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, yanvar ayında Ceyhan neft terminalından 2 mln. 48,786 min ton Azərbaycan nefti yola salınıb. BTC-nin istismara verildiyi vaxtdan 321 mln. 883,385 min ton Azərbaycan nefti yola salınıb.
2016-cı ildə BTC kəməri ilə 28 mln. 862,673 min ton Azərbaycan nefti nəql edilib.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “CIECO” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.*
N.Abbasova