Bakı və Kiyev Ukraynada neft emalı zavodlarının modernləşməsində Azərbaycanın mümkün iştirakı məsələlərini müzakirə edəcək. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bəyan edib.
“Ukraynada infrastrukturun, xüsusilə NEZ-in modernləşməsində Azərbaycanın mümkün iştirakı ilə əlaqədar böyük layihələrimiz var”, - deyə A.Mişenko “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Diplomatın sözlərinə görə, bu məsələ iki ölkənin energetika nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nazirlərarası işçi qrupunun iclası zamanı müzakirə olunacaq. İşçi qrupunun iclasının fevral ayının ortalarında Kiyevdə keçirilməsi planlaşdırılır.
“Hazırda müəyyən olunan tarixin və gündəliyin təsdiqini gözləyirik”, - deyə o məlumat verib.
Bundan başqa, A.Mişenko qeyd edib ki, həmçinin tərəflər Azərbaycan neftinin Ukraynaya tədarükü məsələsini müzakirə etmək niyyətindədir.
“Görüşün bütün detallarını açıqlamaq istəmirəm. Azərbaycan neftinin Ukraynaya tədarükünü bərpasına dair məsələlər müzakirə ediləcək. Bütün bu məsələlər həmin iclasda həll və müzakirə olunacaq. Azərbaycandan həmkarlara müxtəlif əməkdaşlıq variantları təqdim ediləcək. Həmçinin, Azərbaycan tərəfi öz təkliflərini irəli sürəcək. Bütün diqqət hər iki ölkənin inkanlarının reallaşdırılmasına yönəlib. Azərbaycan - resurslara, Ukrayna isə bazara malikdir. Bu da Azərbaycan üçün çox vacibdir”, - deyə səfir vurğulayıb.
A.Mişenko əlavə edib ki, Kiyev Rusiyadan enerji asılılığını tamamilə aradan qaldırmaq niyyətindədir. “Azərbaycan qazının Ukraynaya tədarükü məsələsinə gəlincə isə, bu da perspektivdədir. Bunun neft məsələsindən sonra gəlməsi ehtimalı var. Buna baxmayaraq, hazırda Ukrayna üçün bu milli təhlükəsizlik məsələsidir. Bu, enerji ehtiyatlarının şaxələndirilməsi, Rusiyadan asılılığın aradan qaldırılmasıdır ki, biz, Avropanın iştirakı sayəsində artıq buna nail olmuşuq”, - deyə o bildirib.
Həmçinin diplomat SOCAR-ın (ARDNŞ) Ukraynada fəaliyyəti məsələsinə toxunub və onu uğurlu adlandırıb. “SOCAR-ın fəaliyyəti ilə yanaşı Azərbaycanın investisiya layihələrində fəal olmasını istəyirik”, - deyə A.Mişenko bəyan edib. **
F.İsazadə