2018-2019-cu illərdə Azərbaycanda Ан-178 tipli Ukrayna təyyarələrinin yığılması planlaşdırılır. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko “Interfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“Təyyarələrin yığılması təxmini olaraq, 2018-2019-cu illərdə başlanacaq”, - deyə səfir bildirib.
Diplomatın sözlərinə görə, Bakı və Kiyev arasında 10 ədəd Ан-178 tipli yük təyyarəsinin tədarükünə dair saziş var.
“10 ədəd təyyarənin tədarükünə dair müqaviləmiz var. Öz tərəfimizdən satış üçün 2 ədəd təyyarə hazırlayırıq. Qalan 8 ədəd təyyarə Azərbaycanda yığılacaq. Yaxın 3-4 il ərzində Azərbaycanda təyyarələrin yığılması silsiləsinə başlanmalıdır”, - deyə səfir vurğulayıb.
“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin müavini Oleq Qlodkovski və “AZAL”-ın prezidenti Cahangir Əsgərov arasında daimi məsləhətləşmələr aparılır. Artıq “AZAL” bütün bu prosesin həyata keçiriləcəyi modul və yerlər inşa edir”, - deyə A.Mişenko əlavə edib. **
F.İsazadə