2016-cı ildə "Vikinq" marşrutu ilə yük daşımaları 2 dəfə artıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.
"Nəqliyyat sahəsində əməkdaşlıq çərçivəsində çox iş görmüşük. Azərbaycanın statistikasına görə, 2015-ci illə müqayisədə ötən il əvvəllər Rusiyadan Qazaxıstana və Çinə gedən vaqonların sayı iki dəfə artıb. İndi onlar Qara dəniz, Gürcüstan və Azərbaycandan keçməklə Qazaxıstana gediblər", - deyə səfir bildirib.
Onun sözlərinə görə, bu marşrutla birinci eksperimental qatar 2016-cı ilin yanvarında yola salınıb ki, bu da marşrutun bütün çatışmazlıqları barədə məlumat almağa imkan verdi. "2016-cı ildə yük daşımalarının həcminin artması ilə yanaşı, bütün problemlər də həll edildi. Bu gün yüklərin nəqlində heç bir problem yoxdur. Bu marşrut həm bizim, həm də Azərbaycan üçün önəmlidir", - deyə A.Mişenko qeyd edib.
O, Ukrayna şirkətlərinin Ələt limanındakı azad iqtisadi zonada iştirakda maraqlı olduqlarını vurğulayıb. "Bu, çox maraqlı mövzudur və biz Ukrayna şirkətlərinin bu zonada təmsil olunması imkanlarını nəzərdən keçiririk", - dey səfir vurğulayıb.
Diplomatın sözlərinə görə, Ukrayna, həmçinin Azərbaycanla aqrar sahədə əməkdaşlığın inkişfında maraqlıdır. "Hazırda biz Azərbaycandan Ukraynaya və əks istiqamətdə meyvə-tərəvəz məhsullarının birbaşa tədarükü məsələlərini nəzərdən keçiririk. Biz indi bu malların distribyusiyası, saxlanması və s. ilə məşğul ola bilən şirkətlər axtarırıq", - deyə A.Mişenko əlavə edib.*
F.İsazadə