Bloger Aleksandr Lapşinin həyat yoldaşı Belarus hökumətinə müraciət edərək blogerin əlavə müdafiə ilə təmin olunmasını xahiş edib. Bu barədə A.Lapşinin vəkili Natalya Şekina məlumat verib.
"O, (Lapşinin həyat yoldaşı - İF) Minsk Şəhər Daxili İşlər İdarəsinin Vətəndaşlıq və miqrasiya şöbəsinə müraciət edərək A.Lapşinin əlavə müdafiə ilə təmin olunmasını xahiş edib", - deyə N.Şekina jurnalistlərə bildirib.
Bu gün Belarus Ali Məhkəməsində A.Lapşinin Minsk Şəhər Məhkəməsinin qərarından verdiyi şikayətə baxılır. Qeyd edək ki, Minsk Şəhər Məhkəməsi Bakının sorğusu əsasında Lapşinin Azərbaycana ekstradisiyası haqqında Belarus Baş Prokurorluğunun yanvarın 26-da çıxardığı qərarın qanuniliyini tanıyıb.
Ali Məhkəmə şikayətə qapalı rejimdə baxır, A.Lapşin prosesdə iştirak etmir.
Məhkəmənin qərarı elan olunduğu andan etibarən qanuni qüvvəyə minir.*