Bir ay ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ilk 10 hektar ərazisi minalardan təmizlənəcək. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA)nümayəndəsi Fəhruz Mahmudov bəyan edib.
“Kəndin ümumi ərazisi 247 hektardır. Hava şəraiti nəzərə alınmaqla, ilkin mərhələdə bir ay müddətində 10 hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır”, - deyə F.Mahmudov Cocuq Mərcanlı kəndində xarici jurnalistlərlə söhbət zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
F.Mahmudovun sözlərinə görə, ilkin mərhələ başa çatdıqdan sonra müvafiq təhlil aparılacaq və kəndin ərazisində qalan 237 hektarın minalardan təmizlənməsi üçün zaman müəyyən olunacaq.
O qeyd edib ki, minalardan təmizlənmə prosesi başa çatandan sonra müvafiq infrastrukturun inşası işlərinə başlanılacaq. **
F.İsazadə