May ayında Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarına biletlər martın 19-da satışa çıxarılacaq. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
«Biletlərin qiyməti 2-5 manat civarında dəyişəcək. Ümumilikdə 500 mindən artıq biletin satışa çıxarılması nəzərdə tutulur», - deyə məlumatda qeyd edilir.
İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall Ticarət mərkəzləri daxildir.
16 yaşınadək uşaqlar 13 idman arenasında idman sessiyalarını pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı biletlərin qiyməti 1 AZN dəyərində olacaq.
Açılış mərasiminə biletlərin qiyməti 20-200 AZN, bağlanış mərasimi üçün isə 10-100 AZN civarında dəyişəcək.*
R.Babayev