Ötən gecə Belarusdan Azərbaycana ekstradisiya edilən bloger Aleksandr Lapşin Dövlət Təhlükəsizliyi Xidmətindən Ədliyyə NazirliyiPenitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
“Hazırda onunla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”, - deyə E.Sultanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Qeyd edək ki, fevralın 7-də Belarus Ali Məhkəməsi A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi qərarından verdiyi şikayəti təmin etməyib. Həmin gün axşam bloger xüsusi reyslə Minskdən Bakıya gətirilib.
A.Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində A.Lapşin barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırılıb. Onu 5 ildən 8 ilədək həbs cəzası gözləyir.*
F.İsazadə