Rəsmi Bakı bloger Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı məsələnin siyasiləşdirilməsinə qarşıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
“Ayrı-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil. Sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquqi müstəvidə baxılmalıdır”, - deyə açıqlamada vurğulanır.
XİN qeyd edir ki, A.Lapşin məsələsi bir daha göstərir ki, Ermənistan əcnəbi vətəndaşları müxtəlif qeyri-qanuni yollar və aldatma ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğatının alətinə çevirməyə çalışır.
“AzərbaycanXarici İşlər Nazirliyi bir daha əcnəbi vətəndaşları Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinməyə, digər dövlətləri isə öz vətəndaşlarını bu kimi səfərlərin hüquqi fəsadları barədə xəbərdar etməyə çağırıb”, - deyə XİN-in açıqlamasında qeyd olunur.*
R.Babayev