Prezident İlham Əliyev bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə əlaqədar Belarus prezidenti Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Fevralın 8-də prezident İ.Əliyev A.Lukaşenkoya telefonla zəng edib. Telefon söhbəti zamanı dövlət başçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barəsində cinayət işi açılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirildiyinə görə Belarus tərəfinə və şəxsən prezident A.Lukaşenkoya minnətdarlığını bildirib”, - deyə məlumatda bildirilir.
Prezident İ.Əliyev bu addımı qanunun aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
Görüşdə Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafından danışılıb, prezident Lukaşenkonun ötən ilin sonunda Azərbaycana həyata keçirilmiş rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı əldə edilən razılaşmaların uğurla icra olunduğu qeyd edilib. Siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.*
R.Babayev