“Azərkosmos” ASC ilk milli telekommunikasiya peyki olan "Azerispace-1"in kommersiya fəaliyyətindən bu günədək $50 mln.-dan çox gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
"2013-cü il fevralın 8-də orbitə buraxılmış "Azerispace-1"in kommersiya fəaliyyətindən 4 il ərzində $50 mln.-dan çox gəlir əldə edilib. Bu dövr ərzində peyk tutumlarının 78%-i satılıb”, - deyə məlumatda bildirilir.
Hazırda “Azerspace-1” peykində Azərbaycan, rus, Ukrayna, gürcü, türk dillərində ümumilikdə 30 televiziya və 17 radio kanalı yayımlanmaqdadır.
Bununla yanaşı, “Azərkosmos” artıq Azərbaycan, Malayziya, Rusiya, Almaniya, Ukrayna, Misir, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Livan, Kamerun, Birləşmiş Krallıq, Qırğısıztan, Tacikistan, Estoniya, Belarus kimi ölkələrdən müxtəlif sektorlar üzrə TV və radio kanallar, teleradio yayım şirkətləri, data provayderləri, dövlət qurumları və digər telekommunikasiya şirkətlərindən olan müştərilərə yüksək keyfiyyətli peyk xidmətləri göstərir. Ümumilikdə, “Azerspace-1” peykinin göstərdiyi teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 19 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ildən etibarən irəliyə atılan uğurlu addımlardan hesab olunur.
Ən azı 15 illik istismar müddəti nəzərdə tutulan “Azerspace-1” peykinin uğurlu buraxılışı və orbitdə olduğu ötən dövr ərzində aparılan effektiv idarəetmə nəticəsində bu müddət 15 ildən 16,3 ilədək artırılıb.
2017-ci ildə "Azerispace-2" peykinin orbitə buraxılması planlaşdırılır.*
N.Abbasova