Azərbaycan və Gürcüstan öz ərazilərində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtodaşıyıcılara qarşı mübarizə məqsədilə yeni növ İcazə blanklarının tətbiqinə dair razılığa gəlib. Bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
“Bu gün beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib”, - deyə məlumatda deyilir.
İclasda tərəflər arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, avtomobil və yük daşımaları sahəsində inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilib.
“Görüşün yekunlarına dair tərəflər Azərbaycan və Gürcüstan ərazilərində qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtodaşıyıcılara qarşı mübarizə məqsədilə yeni növ İcazə blanklarının tətbiqinə dair razılığa gəliblər. Həmçinin ölkələr arasında artan ticarət dövriyyəsinin həcminə uyğun olaraq avtomobil və yükdaşımaları üçün tələb olunan İcazələrin müəyyənləşdirilməsi barədə razılıq əldə olunub”, - deyə məlumatda deyilir. **
N.Abbasova