Bloger Aleksandr Lapşinin həbsi və ekstradisiyası Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin təbliğatı proqramına ciddi zərbədir. Rusiyalı politoloq Oleq Kuznetsov belə hesab edir.
"Aydındır ki, Lapşinin həbsi Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan rejimin təbliği məqsədilə həyata keçirdiyi proqrama çox ciddi zərbə vurub”, - deyə o, Bakıda keçirilən mətbuat konfransında bildirib.
Politoloqun sözlərinə görə, Ermənistan tərəfindən çıxış edən A.Lapşin Azərbaycana qarşı ideoloji mübarizə aparırdı. "Həm də bunu qanunları pozmaqla edirdi. Çox ümid edirəm ki, buna görə o, həbs olunacaq", - deyə O.Kuznetsov əlavə edib.
O vurğulayıb ki, heç kimə sirr deyil ki, Ermənistan işğal edilmiş ərazilərə səfər üzrə ekstremal turizm proqramı hazırlayıb. "Proqram Rusiya ərazisində və postsovet məkanında da fəal şəkildə həyata keçirilirdi. Bir çox əcnəbilər ora gedirdilər. Amma Yerevandan getdikləri üçün Azərbaycan bu barədə yalnız həmin əcnəbilər səfər haqda sosial şəbəkələrdə elan etdikdən və onlardan kimsə nə vaxtsa Azərbaycana gəldikdən sonra xəbər tuturdu", - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, bu insanların böyük əksəriyyəti məlumatsızlıq səbəbindən bu addımı atıb.
O.Kuznetsov vurğulayıb ki, ölkə ərazisinə qanunsuz səfərlərin edilməsi cinayət qaydasında cəzalandırılmalı olan əməldir.
"Lapşin həbs edildikdən sonra Ermənistanın Arsaxla bağlı piar-layihələrindən biri iflas edəcək. Bu, böyük beynəlxalq-hüquqi rezonans doğuracaq. İşğal edilmiş ərazilərə turist kimi səfər edən şəxslərə aydın olacaq ki, onlar cinayətkardır və bu da Ermənistana çox ciddi, mənəvi-psixoloji zərbə olacaq. Bundan isə belə nəticə çıxır ki, bir halda ki, Azərbaycan qanunlarının pozulmasına görə hüquqi məsuliyyət yaranacaq, o zaman qanunları pozmaq istəyənlərin sayı kəskin azalacaq. Buna görə də Ermənistanın siyasi arenadakı nüfuzuna daha bir zərbə dəydi", - deyə politoloq hesab edir.*
R.Babayev