Prezident İlham Əliyev aprel döyüşlərini və təmas xəttində yaşanan gərginlik və toqquşmanı Azərbaycanın daxili işi hesab edir.
"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik.Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir”, - deyə dövlət başçısı bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə bildirib.
Prezidentin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.
İ.Əliyev qeyd edib ki, dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi. Çünki keçən ilin aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat törətməyə cəhd etmişlər. “Ermənistan müxtəlif yollarla çalışırdı ki, bu məsələyə digər ölkələri cəlb etsin. Ermənistan-Azərbaycan sərhədində növbəti təxribatın törədilməsi məhz bu məqsədi güdürdü ki, bu dəfə üzv olduğu təşkilatı (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) bu işə cəlb etsin. Bu dəfə də alınmadı”, - deyə o vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan öz torpaqlarını müdafiə edir.*
A.Əzizov