2016-cı ilin dekabrında erməni təxribatının qarşısı alınarkən həlak olmuş əsgər Çingiz Qurbanovun nəşini Azərbaycan hökuməti və beynəlxalq təşkilatların birgə səyləri ilə Çingizin nəşinin Vətənə qaytarılmasına nail olundu. Bunu prezident İlham Əliyev deyib.
“Mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi. Bir aydan çox idi Çingizin nəşini qaytarmaq istəmirdi. Azərbaycan dövləti çox böyük səylər göstərdi. Eyni zamanda, bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmadı. Biz birgə səylərlə Çingizin nəşinin Vətənə qaytarılmasına nail olduq”, - deyə dövlət başçısı fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə bildirib.
Prezident vurğulayıb ki, əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olub. “Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır”, - deyə İ.Əliyev əlavə edib.
Dövlət başçısı vurğulayıb ki, bütün Azərbaycan Çingizlə fəxr edir.
Onun sözlərinə görə, aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar poqonlarını, vəzifələrini itirdilər. Ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü və bu, bu gün də davam edir. Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. İndi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar.*
A.Əzizov