Aprel-may aylarında Avropa İttifaqı(Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqlar başlayacaq. BunuAPA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
“Aprel-may aylarındaAİ ilə Azərbaycan arasında yeni saziş üzrəbirinci substantiv müzakirələr keçirilə bilər. Birinci görüş Bakıda keçiriləcək. Daha sonra ikinci görüşün Brüsseldə və üçüncüsünün yenə Bakıda keçirilməsi nəzərdə tutulub”, - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, Brüsseldə aparılan ilkin müzakirələr zamanı ilk görüşün aprel-may aylarında, növbəti görüşlərin isə yay və payız aylarında keçirilməsi təklif olunub.
O qeyd edib ki, bütün danışıqlar 3 blok üzrə aparılır. Birincisi siyasi və təhlükəsizlik məsələləri, ikincisi ticarət və sərmayələr, üçüncüsü yerdə qalan digər iqtisadi, sosial, humanitar və sair məsələlər.
“Onlar təklif edir ki, müzakirələr bu 3 blokda paralel getsin. Təbii ki, biz bu təklifə baxacağıq. Lakin vurğulamışıq ki, birinci blok bizim üçün çox əhəmiyyətlidir. Təklif etmişik ki, biz bu blokdan başlayaq. Sonra ola bilsin,paralel o biri bloklara baxarıq”, - deyə M.Məmmədquliyev vurğulayıb.
F.İsazadə