Yanvar ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1,376 min beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.
“Qeyd olunan dövrdə beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 91,866 min manat təşkil edib”, - deyə məlumatda bildirilir.
Azərbaycan 2016-cı il yanvarın 1-dən Green Card sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupuna daxil olub. Tranzit üzvlük 10 il müddətinə nəzərdə tutulub. Azərbaycanı Yaşıl Kart sistemində İSB təmsil edir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və Yaşıl Kartlar üçün vahid standartlar qəbul edilib. Yaşıl Karta dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb.*
A.Axundov