2017-ci il yanvarın 1-nə bankların Bakı sakinlərindən cəlb olunan əmanətlər üzrə portfeli 6 mlrd. 950 mln. 90,1 min manat təşkil edir ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 21,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Məlumata görə, 2017-ci il yanvarın 1-nə əhalinin bütün bank əmanətlərinin 93,3%-i Bakı sakinlərinin əmanətlərinin payına düşür.
2016-cı ildən Bakıda əhalidən əmanətlər orta illik hesabla 4,8%-lə qəbul edilib, bu göstərici respublika üzrə də 4,8% təşkil edib.
Ümumilikdə paytaxt sakinləri əmanətlərini xarici valyuta ilə yatırmağa üstünlük verirlər. Xarici valyuta ilə əmanətlərin payına 5 mlrd. 687 mln. 526,4 min manat və ya Bakı üzrə bütün əmanətlərin 81,8%-i düşür. 1 mlrd. 262 mln. 563,7 min manat və ya paytaxt üzrə bütün əmanətlərin 18,2%-i isə milli valyuta ilə əmanətlərin payına düşür. Paytaxtda banklar əhalidən xarici valyuta ilə əmanətləri orta illik hesabla 4,4%, milli valyuta ilə 6,3% dərəcəsi ilə qəbul edib.
1 yanvar 2017-ci il tarixinə Azərbaycanın regionlarında banklar əhalidən 488 mln. 580,3 min manat məbləğində əmanət cəlb edib, bu isə ötən ilin əvvəlinə olan göstəricidən 17,8% çoxdur.
Regionlarda daha çox Abşeron iqtisadi rayonunun əhalisi pullarını banklarda saxlamağa üstünlük verir. 2017-ci il yanvarın 1-nə Abşeron iqtisadi rayonundakı banklarda əhalinin əmanətləri orta illik hesabla 5,8% dərəcəsi ilə 164 mln. 853,9 min manat təşkil edir.
Banklar Gəncə-Qazax iqtisadi rayonunun sakinlərindən 106 mln. 544 min manat (orta illik hesabla 5,7% dərəcəsi ilə), Aran iqtisadi rayonunun sakinlərindən 81 mln. 509,3 min manat (illik 4,7% dərəcəsi ilə) əmanət cəlb ediblər.
Qalan əmanətlər respublikanın digər iqtisadi rayonlarının əhalisinin payına düşüb.
A.Axundov