2017-ci ilin yanvar ayında Azərbaycan əhalisi ticarət obyektlərindən 2 mlrd. 575,7 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 1 mlrd. 298,2 mln. manatlıq ərzaq, içki və tütün məmulatları (2016-cı ilin yanvar ayı ilə müqayisədə artım 0,8%), 1 mlrd. 277,5 mln. manatlıq qeyri-ərzaq malları (artım 1,7%) alıb.
Yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebelin, 5,1%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 265,7 manat təşkil edib. **
N.Abbasova