Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış evlərinin tikintisi üzrə 1-ci mərhələyə bu günlərdə başlanılacaq. Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov komitədə keçirilən müşavirədə deyib.
“Azərbaycan prezidentinin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə Cocuq Mərcanlı kəndində 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bu günlərdə başlanacaq. Layihəyə uyğun olaraq ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzil inşa ediləcək”,- deyə o bildirib.
Komitə sədrinin sözlərinə görə, prezidentin tapşırığına əsasən növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır.*
R.Babayev