“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC “Dağıstan” gəmi-bərəsinin əsaslı təmirinə başlayıb. Bu barədə QSC-nin məlumatında deyilir.
““Dağıstan” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Hazırda “Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. 1000 kilovat gücündə olan təzə mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir. Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici qüvvəsi olan baş mühərrikləri də yenilənir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi təzə baş mühərrikləri Finlandiyadan sifariş edib. “Wartsila” markalı W32 baş mühərriki dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur”, - deyə məlumatda bildirilir.
Təmir zamanı gəm-bərənin yanacaq yandırma sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdiriləcək. Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorları da təzələri ilə əvəzlənəcək. Bərənin bütün köməkçi - yağ, su, balast sistemləri və sair əsaslı təmir olunacaq.
Gəmi-bərə tərsanəyə qaldırılacaq, onun gövdə və sualtı hissələri də təmir olunandan sonra rənglənəcək.
Yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsi 1984-cü ildə istifadəyə verilib. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil, üst göyərtə isə vaqon daşımaq üçün nəzərdə tutulub.
Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 13 gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.*
N.Abbasova