Prezident İlham Əliyev fevralın 13-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini bildirib. Əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğulayan dövlət başçısı bu nəticələrin daha da möhkəmləndirilməsi üçün birgə səylərin artırılmasının, habelə ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
“Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət, turizm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, Cənub Qaz Dəhlizinin icrası, hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Gürcüstan XİN-in mətbuat xidmətinin məlumatında isə deyilir ki, görüşdə tərəflər iki ölkə arasında strateji və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər.
«Bundan başqa, regional əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın birgə nəqliyyat və enerji layihələrində iştirakı ilə bağlı məsələlər müzakirə mövzusu olub», - deyə məlumatda vurğulanır.
Tərəflər, həmçinin hər iki ölkənin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığını müzakirə ediblər.
Görüşdə Azərbaycan və Gürcüstan arasında dialoqun yüksək səviyyədə saxlanılmasına və münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub.*
R.Babayev