Bakı və Tbilisi arasında Gürcüstan ərazisində avtomobil yollarının yenidənqurulmasına sərmayələrin yatırılması məsələsi müzakirə olunub. Bu barədə Gürcüstan XİN başçısı Mixeil Canelidze bəyan edib.
“Cari il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilməklə yanaşı avtomobil yollarının yenidənqurulması, infrastrukturu və bu sahəyə investisiyaların yatırılması məsələlərini müzakirə etmişik”, - deyə M.Canelidze azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bu gün Bakıda keçirilən birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan iqtisadi və nəqliyyat imkanlarının artırılması məqsədilə regional və beynəlxalq layihələr çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətindədir.
O əlavə edib ki, Bakı və Tbilisi energetika və nəqliyyat sahəsində əməkdaşlığa xüsusi diqqət yetirir. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması məsələsini müzakirə etdik. Bu istiqamətdə fəaliyyəti davam etdiririk və tranzit imkanlarını artırmağı planlaşdırırıq”, - deyə M.Canelidze vurğulayıb. **
F.İsazadə