Estoniya xarici işlər naziri Sven Mikser bu ilin yazında Azərbaycana səfər edəcək. Bu barədə Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik məlumat verib.
"Yazda Estoniya xarici işlər nazirinin Bakıya səfəri planlaşdırılır", - deyə o, "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, hazırda Bakı və Tallin bir sıra digər səfərlər üzərində də iş aparır.
İ.Kiverik vurğulayıb ki, bu il Bakıda Azərbaycan və Estoniya arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın növbəti iclası da keçiriləcək. "Sonuncu dəfə iclası 2014-cü ilin payızında Tallində keçirmişik. Növbəti iclası bu il Bakıda keçirməyi planlaşdırırıq. Hazırda iki ölkənin müxtəlif nazirlik və idarələri iclasın gündəliyi və tarixini razılaşdırır", - deyə o əlavə edib.
İ.Kiveriklə müsahibənin tam mətni ilə "İnterfaks-Azərbaycan" agentliyinin saytında http://interfax.az/view/695737 linki vasitəsilə tanış ola bilərsiniz.*
F.İsazadə