Barselona şəhərində “Azərbaycan Evi” (Casa Azerbaiyan) fəaliyyətə başlayıb. Bu barədə “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin (Azerbaijani Society in Barcelona - ASB) facebook səhifəsində məlumat verilib.
“Azərbaycan Evi”nin açılış mərasimində çıxış edən ASB sədri Kərim Kərimov İspaniyada ilk dəfə “Azərbaycan Evi”nin fəaliyyətə başlamasının mühüm hadisə olduğunu qeyd edib.
““Azərbaycan Evi” Barselonada və ümumilikdə, Kataloniyada yaşayan azərbaycanlıların bir araya gətirilməsinə, onların əlaqələndirilməsinə, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatına böyük töhfə verəcək”, - deyə o bildirib.
“Azərbaycan Evi”nin yerləşdiyi inzibati sahə Barselona Vəkillər Kollegiyasının üzvü, “Medina & Associates” şirkətinin rəhbəri Xavier Medina Ortiz tərəfindən təmənnasız təqdim olunub.
“Azərbaycan Evi” “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşəbbüsü və ölkəmizin İspaniyadakı səfirliyinin dəstəyi ilə açılıb.*
F.İsazadə