Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində fəaliyyət göstərən “Aqreqat” İstehsalat Birliyinin Bakı cihazqayırma zavodunda müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə NATO-nun standartlarına uyğun yaradılan minaya davamlı “Tufan” ilk milli zirehli nəqliyyat vasitəsinin təqdimatı olub. Bu barədə nazirlikdən məlumat verilib.
“Bu nəqliyyat vasitəsinin təcrübə-sınaq nümunəsi Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) hazırlanıb və şəxsi heyətin daşınması üçün nəzrdə tutulub. Maşın NATO-nun “STANAG 4569” standartının üçüncü səviyyəsinin tələbinə uyğundur”, - deyə müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov bildirib.
A.Məmmədov qeyd edib ki, dizaynı Azərbaycanın yerli mühəndisləri tərəfindən işlənilib. O vurğulayıb ki, yeni avtomaşın dizaynına görə, Silahlı Qüvvələrimizdəki və digər ölkələrin ordularında istifadə olunan hərbi avtomaşınlardan kifayət qədər fərqlənir.
Onun sözlərinə görə, döyüş modulunun əsas xüsusiyyəti isə onun bütün proqram təminatının yerli mütəxəssislər tərəfindən hazırlanmasıdır.
“Tufan” milli zirehli nəqliyyat vasitəsi məsafədən idarə olunan xüsusi döyüş modulu, tank əleyhinə idarə edilən raket kompleksi, radioelektron mübarizə və kəşfiyyat avadanlığı və digər sistemlərlə təchiz edilib. Nəqliyyat vasitəsi kəskin yoxuşlarda və enişlərdə, həmçinin su xəndəkləri olan müxtəlif relyef şəraitində rahat hərəkət etmək qabiliyyətinə malikdir”, - deyə A.Məmmədov bəyan edib.
O həmçinin qeyd edib ki, maşının üzərində quraşdırılan döyüş modulu 12,7 millimetrlik iriçaplı pulemyotla təchiz edilib. Modulun üzərində optik nişanlanma sistemləri, gündüz və gecə kameraları, həmçinin lazer məsafəölçəni quraşdırılıb.
“Döyüş modulu düşmənin yüngül zirehli hədəfləri, atəş vasitələri və hava hədəfləri ilə səmərəli mübarizə aparmaq imkanına malikdir”, - deyə müşavir vurğulayıb.
Onun sözlərinə görə, cari ildə keçiriləcək sınaqlardan sonra tibbi yardım, radioelektron mübarizə, polis, kəşfiyyat versiyalarında belə maşınların yaradılması nəzərdə tutulub. **
F.İsazadə