Azərbaycanda irimiqyaslı idman yarışlarının keçirilməsi turizmin inkişafına imkan yaradır. Gənclər və idman naziri Azad Rəhimov belə hesab edir.
"Son illərdə Azərbaycan haqlı olaraq idman dövləti hesab edilir və irimiqyaslı idman yarışlarının keçirilməsi ölkəmizin xaricdə təbliği və turizm sahəsinin inkişafı nöqteyi-nəzərindən mühüm rol oynayır", - deyə o, bu gün “İrimiqyaslı idman yarışlarının keçirilməsinin evsahibi ölkəyə faydaları” mövzusunda konfransda vurğulayıb.
Nazirin sözlərinə görə, dövlətin keçirilən yarışlardan mənfəət əldə etməsi və yaradılmış idman infrastrukturundan istifadə olunması mühüm amildir.
“Son illər ərzində Azərbaycanda I Avropa Oyunları, "Formula-1"in Bakı mərhələsi, Şahmat Olimpiadası kimi çoxlu sayda irimiqyaslı yarışlar keçirilib. Bu il Bakı ikinci dəfə “Formula-1”in ən yaxşı pilotlarını qəbul edəcək, həmçinin İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yəni bu yarışlar üçün yaradılmış infrastruktur birdəfəlik deyil, daimi - həm növbəti yarışlar zamanı, həm də respublika sakinləri tərəfindən istifadə olunur. Bu, çox önəmlidir, çünki belə yarışların keçirilməsindən Azərbaycanın və Azərbaycan xalqının nə əldə etməsi məsələsi bizi narahat edir", - deyə A.Rəhimov qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycanda yaradılmış maddi-texniki idman bazası öz hədəflərini doğruldur. "Mən Afinada Olimpiya Oyunları üçün tikilmiş Olimpiya kəndinin necə yararsız vəziyyətə düşdüyünü şəxsən görmüşəm. Rio-de-Janeyroda Olimpiada zamanı yarışların keçirildiyi "Marakana" stadionu və hovuz çox pis vəziyyətdə idi. Onlar demək olar ki, istifadə olunmur. Və buna görə tikilmiş infrastrukturların insanların istifadəsinə verilməsi bizim üçün çox əhəmiyyətlidir", - deyə o vurğulayıb.
A.Rəhimovun sözlərinə görə, bu gün bakılılar "Su stadionu" hovuzlarına və paytaxtın digər idman tikililərinə fəal şəkildə baş çəkirlər.
"Bundan başqa, irimiqyaslı idman yarışlarının keçirilməsi turistlərin Azərbaycana gəlməsinə imkan yaradır ki, bu da iqtisadiyyatın inkişafına müsbət təsir edir", - deyə nazir söyləyib.*
R.Babayev