Samux rayonunun Salahlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər silahlı şəxs aşkar edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
“Sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmayıb, silahlı müqavimət göstərərək qaçmağa cəhd edib. Sərhədçilər təlimata uyğun hərəkət edərək silah tətbiq ediblər və sərhəd pozucusunu sol ayağından yaralayaraq yaxalayıblar”, - deyə məlumatda deyilir.
Məlumata görə, sərhəd pozucusunun Samux rayonu Salahlı kənd sakini Məhəmməd Qarayevin olduğu müəyyən edilib.
“İlkin tibbi yardım göstərildikdən sonra yaralı şəxs Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”, - deyə məlumatda vurğulanır.
Qeyd edilir ki, hadisə yerinə baxış zamanı bir ədəd 12 mm-lik qoşalülə ov tüfəngi, bir ədəd patron qatarı, 12 ədəd dolu və 8 ədəd boş patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə