SOCAR (ARDNŞ) və ABŞ-ın IBM şirkəti uzunmüddətli əməkdaşlıq və hər il Bakıda innovasiya günü keçiriləcəyinə dair razılığa gəlib. Bu barədə SOCAR-dan məlumat verilib.
Bu gün Bakıda SOCAR və IBM şirkəti arasında Strateji Əməkdaşlıq Memorandumu imzalanıb.
“Memorandum çərçivəsində IBM-in qlobal innovasiyalarından istifadə, rəqəmsal innovasiya və transformasiyaya investisiya qoyuluşu, neft hasilatında süni intellekt əsasında Watson əməkdaşlığı, yüksək ixtisaslı kadrlar üçün yeni iş yerlərinin açılması, həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə təlim-tədris və təcrübə proqramlarının təşkili, elmi-tədqiqat və araşdırmaların aparılmasınəzərdə tutulur”, - deyə məlumatda deyilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda birgə səylərlə yaradılması nəzərdə tutulan Regional Neft-Qaz-Kimya Kompetensiya Mərkəzi layihəsini də qeyd edib. O bildirib ki, IBM-lə birlikdə qurulacaq Mərkəz Azərbaycanın neft-kimya sənayesində proseslərin idarə olunması, innovativ texnologiyaların tətbiqi sahəsində mühəndis biliklərinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.
IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementi Memorandumdan bəhs edərək bidirdi ki, imzalanan sənəd çərçivəsində hər il Bakıda innovasiya günü keçiriləcəyini və biznesdə tətbiq edilən ən son innovasiyaların təqdim olunacaq. O, IBM-in yalnız strateji tərəfdaş hesab etdiyi ölkələrə sərmayələr yatırdığını vurğuladı. **
N.Abbasova