Azərbaycanın gömrük orqanlarının əməkdaşları ümumi çəkisi 265,34 qram olan zərgərlik məmulatının gizliyolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlamadan öncə vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı əşyanın olub-olmadığı soruşulub və o,belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onu bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib”, - deyə məlumatda deyilir.
Vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki ümumi çəkisi 265,34 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatını - 10 ədəd üzük, 51 ədəd sırğa cütü, 4 ədəd qolbaq, 3 ədəd qolçaq, 3 ədəd sırğa-üzük dəsti, 2 ədəd kulon, 42 ədəd boyunbağı və 16 ədəd kulonlu boyunbağını çıxararaq gömrük nəzarətinə təqdim edib. **
R.Babayev