2016-cı ildə Azərbaycanda banklar nağd dolların satış həcmini 20 dəfə - $445,4 mln., avronun - 3,3 dəfə - 266,6 mln. avroya qədər azaldıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
"Valyuta bazarının həcminin azalması nağd valyuta bazarında satışların həcminin aşağı düşməsinə səbəb olub. 2015-ci illə müqayisədə 2016-cı ildə banklar dolların xalis satış həcmini (valyuta alışı və satışı arasındakı fərq) 20 dəfə - $445,4 mln., avronun satış həcmini 3,3 dəfə - 266,6 mln. avroya qədər azaldıb", - deyə məlumatda bildirilir.
Bütovlükdə, 2016-cı ildə Azərbaycanın valyuta bazarının həcmi 2015-ci ilin göstəricisi ilə müqayisədə kəskin azalıb. Xüsusilə ABŞ dolları ilə əməliyyatların həcmi 3,2 dəfə, avro ilə əməliyyatların həcmi 2,4 dəfə azalıb. "Valyuta bazarında əməliyyatların 84,9%-i dolların, 15,1%-i digər valyutaların payına düşüb", - deyə məlumatda vurğulanır.
Ötən il valyuta əməliyyatlarının 34,4%-i banklararası valyuta bazarında, 65,6%-i bankdaxili valyuta bazarında həyata keçirilib.*
A.Əzizov