Xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasını zəruri hesab edir. Bu barədə nazirlikdən məlumat verilib.
“E.Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoaqland (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb. Görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda deyilir.
Nazir münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.
“Görüşdən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi olub”, - deyə məlumatda vurğulanır. **
A.Əzizov