Yerevan Dağlıq Qarabağda “referendum” təşkil etməklə münaqişə zonasında gərginlik yaratmağa çalışır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
XİN-in təşəbbüsü ilə ATƏT-in Daimi Şurasının iclasında Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qanunsuz “referendum” keçirilməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.
“Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyi fonunda Ermənistanın sözügedən təxribatçı addımı bir daha nəzərdən keçirəcəyinə, münaqişə zonasında vəziyyəti gərginləşdirən, ümumilikdə regionda sülh və sabitliyi təhdid edən addımlardan əl çəkərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında tezliklə həlli məqsədilə substantiv danışıqlara cəlb olunacağına ümid edir”, - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, məsələ üzrə çıxış edən Türkiyə, Ukrayna və Gürcüstan nümayəndələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə edərək, “referendum”un qanunsuz və qeyri-legitim olduğunu, onun adı çəkilən ölkələr tərəfindən rədd edildiyini və nəticələrinin tanınmayacağını bildiriblər.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa məsələnin həmsədr ölkələrin narahatlığına səbəb olduğunu bildirib. Əlavə edilib ki, nə həmsədr ölkələr, nə də dünyanın hər hansı bir ölkəsi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. Bundan irəli gələrək, keçirilməsi nəzərdə tutulan “referendum”un nəticələri həmsədr ölkələr tərəfindən tanınmayacaq və “referendum” Dağlıq Qarabağın hüquqi statusuna, eləcə də münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticələrinə heç bir təsir edə bilməz.*
F.İsazadə