Azərbaycan hökuməti xarici dillərdə materiallar dərc edən elektron KİV-ə maliyyə dəstəyi göstərmək niyyətindədir. Bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bəyan edib.
“Hazırda elektron mediaya dövlət tərəfindənmaddi dəstəyin verilməsi məsələsi gündəmdədir. Yəqin ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq. Əsasən, xarici dillərdə materiallar nəşr edən və maraqlarımızı beynəlxalq ictimaiyyətə çatdıran elektron KİV-ə yardım göstəriləcək”, - deyə V.Səfərli parlament rəhbərliyinin aparıcı KİV-in baş redakrorları ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, bu vəsait ayrılarsa, bütün elektron KİV-lərə şamil edilməyəcək.
“Bu gün bir çox elektron informasiya portalları materiallarının 70-80%i bir-birindən köçürmədirvə eynidir. Bu cür xəbər portallarının olmasına nə ehtiyac var?”, - deyə V.Səfərli qeyd edib.
O əlavə edib ki, Azərbaycan rəhbərliyi KİV-in fəaliyyətinə diqqət ayırır. “Böhran şəraitində bir çox istiqamətlər üzrə büdcənin azalması müşahidə edilir. KİV-ə gəlincə, bu sahədə büdcə vəsaitləri əvvəlki səviyyədə qalır. Xüsusən, ötən il Azərbaycan prezidenti medianın ehtiyaclarının təmin edilməsi məqsədilə əlavə olaraq 1 mln. manatın ayrılmasına dair sərəncam imzalayıb”, - deyə V.Səfərli vurğulayıb. **
R.Babayev