“VTB Bank (Azerbaijan)” 2017-2019-cu illər üzrə yeni inkişaf strategiyası qəbul edib. Bu barədə bankdan məlumat verilib.
“2016-cı ilin sonunda “VTB Bank (Azerbaijan)”ın səhmdarları olan VTB (ASC) və “AtaHolding” ASC tərəfindən bankın 2017-2019-cu illər üzrə yeni inkişaf strategiyası qəbul edilib”, - deyə məlumatda qeyd olunur.
Korporativ bizneslə işin gücləndirilməsini nəzərdə tutan yeni üçillik inkişaf strategiyasına uyğun olaraq, bank filial şəbəkəsini konsolidasiya edir.
“Müştəri xidmətləri bölmələrinin fəaliyyətinin optimallaşdırılması və gücləndirilməsi məqsədi ilə bir-birinə yaxın yerləşən filiallar birləşdirilib. Buna misal kimi, “Əhmədli” və “Həzi Aslanov” filiallarının “Neftçilər” filialına birləşdirilməsini göstərmək olar”, - deyə məlumatda deyilir.
Bundan başqa, əvvəllər bankın əhatə etmədiyi və paytaxt əhalisinin daha sıx cəmləşdiyi yerlərdə bank xidmətlərini bərabər paylaşdırmaq məqsədi ilə yeni filialların açılmasına qərar verilib. Belə ki, 2016-cı ildə bankın eyniadlı metro stansiyaları yaxınlığında “Gənclik” və “Elmlər” adlı iki yeni filialı açılıb.
“Filiallar şəbəkəsinin optimallaşdırılması bankın yeni korporativ strategiyasının tərkib hissəsidir və “VTB Bank (Azerbaijan)”ın müştəriləri qarşısında olan öhdəliklərinin icrasının keyfiyyətinə və xidmətlərin səviyyəsinə yalnız müsbət təsir göstərəcək. Hazırda baş ofis yanında Müştəri Xidmətləri İdarəsi, “Əcəmi”, “Sahil”, “Gəncə”, “Sumqayıt”, “Neftçilər”, “Elmlər” və “Gənclik” kimi filialları adi rejimdə çalışır və müştərilərə xidmət göstərməyə davam edir”, - deyə məlumatda vurğulanır. **
A.Axundov